Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin nəşr etdiyi Əmlak və İqtisadiyyat elmi-praktik və iqtisadi jurnalının ilk sayı 2007-ci ilin may ayında işıq üzü görmüşdür. Jurnalın ilk buraxılışı Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Jurnalda məhşur dünya siyasətçilərinin eləcə də Azərbaycanın siyasətçilərinin və ədiblərinin Heydər Əliyev haqqında xatirələri yer almışdır. Jurnalın ilk sayında Azərbaycanın iqtisadiyyatı, xarici ticarəti, torpaq bazarı, torpaq münasibətlərinin hüquqi tənzimlənməsi, audit xidməti, daşınan və daşınmaz əmlak bazarı, qiymətləndirmə fəaliyyəti, qiymətli kağızlar bazarının girov məqsədilə qiymətləndirilməsi, qiymətləndirmə fəaliyyətinin qanunvericilik bazası haqqında, eləcə də bir sıra maraqlı elmi-metodik, praktiki məqalələr və məlumatlar yer almışdır. Jurnalda həmçinin xarici yazarların (Belorusiya, Moldova) məqalələri də dərc olunmuşdur. Əmlak və İqtisadiyyat jurnalında Azərbaycan dilində olan məqalələrlə yanaşı rus dilində də məqalələr yer almışdır.
Əmlak və İqtisadiyyat jurnalının ikinci sayı 2009-cu ilin dekabr ayında işıq üzü görmüşdür. Jurnalın bu sayında Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimlərinin daşınmaz əmlak bazarı, Azərbaycanda qiymətləndirmə fəaliyyəti, qlobal iqtisadi böhran və Azərbaycan iqtisadiyyatı, transfert qiymətlərinin vergi tənzimlənməsi mövzularında məqalələri dərc olunmuşdur. Jurnalda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sertifikatlaşdırılmış üzvləri və peşəkar qiymətləndiricilər, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyətinin əsas istiqamətləri haqqında məlumat verilmişdir. Eyni zamanda fiziki şəxslərin əmlak vergisi, Əmlak və Əmlak bazarı iştirakçıları, statistik göstəricilər haqqında elmi-praktik məqalələr dərc olunmuşdur. Bundan başqa iqtisadi terminlər, dərc olunacaq yeni kitablar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı haqqında məlumatlar yer almışdır.
Əmlak və İqtisadiyyat jurnalının növbəti üçüncü sayı hazırda çapa hazırlanır. Jurnalın bu sayında da elmi-praktik və metodik məqalələr yer alacaqdır . Bununla yanaşı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyət perspektivləri, eləcədə nəzərdə tutulmuş məsələlər haqqında məlumatlar dərc olunacaqdır.