Auditorlar Palatası və Azərbaycan Qiymətləndiricilər...

Auditorlar Palatası və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilati dəstəyilə Azərbaycan Respublikasının Auditorlar Palatası (ARAP) və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin icra aparatının rəhbəri Azər Niftiyev bildirib ki, müqavilədə kifayət qədər yaxın olan sahələri təmsil edən qurumlar arasında əməkdaşlığın artırılmasına dair mühüm məqamlar öz əksini tapıb. Cari il iyul ayında KOBİA İctimai Şurasının təşəbbüsü ilə "Audit və qiymətləndirmə" mövzusunda keçirilən ictimai dinləmədən sonra ARAP və AQC arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəldiyini vurğulayıb.

KOBİA - nın İdarə Heyətinin sədr müavini Samir Hümbətov qeyd edib ki, hər iki təşkilat cəmiyyətdə ciddi nüfuza malikdir və ölkə iqtisadiyyatında xüsusi əhəmiyyəti olan sektorları təmsil edirlər. Samir Hümbətov KOBİA - nın assosiativ qurumlar arasında əməkdaşlığın artırılmasında maraqlı olduğunu, bu istiqamətdə səylərini davam etdirdiyini diqqətə çatdırıb. ARAP və AQC arasında əməkdaşlığa dair müqavilənin imzalanmasına töhfə verdiklərindən məmnunluğunu ifadə edən sədr müavini əlavə edib ki, təmsil etdiyi qurum bundan sonra da hər iki təşkilata hərtərəfli dəstəyini davam etdirəcək.

Auditorlar Palatasının sədri, professor Vahid Novruzov KOBİA - nın rəhbərliyinə verdikləri dəstəyə və ev sahibliyinə görə təşəkkür edib. O bildirib ki, rəhbəri olduğu palata ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti arasında əməkdaşlıq formatı barədə müzakirələr bir neçə aydır davam edir. KOBİA - nın dəstəyini qeyd edən Vahid Novruzov AQC sədri Vüqar Orucla bu mövzuda müzakirələr apardığını söyləyib. Müqavilənin mahiyyətindən bəhs edən Vahid Novruzov auditorlar və qiymətləndiricilər arasında əməkdaşlığın artırılmasını dövrün tələbi adlandırıb.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse - prezidenti Vüqar Oruc ekosistemin ayrılmaz tərkib hissəsi olan auditorlar və qiymətləndiricilər arasında əməkdaşlığın artırılmasının labüd olduğunu diqqətə çatdırıb. Rəhbəri olduğu cəmiyyətin fəaliyyətindən söz açan sədr qeyd edib ki, müqavilənin imzalanmasında KOBİA - nın xüsusi xidməti olub. Buna görə, KOBİA - nın sədri Orxan Məmmədova və qurumun rəhbərliyinə təşəkkür edən Vüqar Orucun Əməkdaşlıq Müqaviləsində qarşılıqlı etimad tədbirlərinin xüsusi yer aldığını vurğulayıb. "Şəffaflığın təmin olunması, faydalı və qarşılıqlı əlaqələrin artırılması baxımından bu müqavilənin mühüm əhəmiyyəti var" - Vüqar Oruc söyləyib.

Daha sonra Azərbaycan Respublikasının Auditorlar Palatası (ARAP) və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb. Müqaviləni ARAP və AQC sədrləri Vahid Novruzov və Vüqar Oruc imzalayıblar.







RƏNG SEÇİN